Moldova son 30 ildə ilk dəfə hərbi büdcəni ciddi fərqlə artırıb
- 17 may, 2023
- 11:25
"Avropa İttifaqının “European Peace Facility” proqramı çərçivəsində müdafiə potensialının artırılması, hava məkanımızın daha yaxşı monitorinqi məqsədilə ciddi yardım almışıq. Bu, təqribən 40 milyon avro dəyərində olan yardımdır".
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Moldova parlamentinin sədri İqor Qrosu bildirib.
Onun sözlərinə görə, büdcə barədə müzakirələr gedərkən parlament çox ciddi rol oynayır:
"2023-cü il üçün büdcəsində ordu üçün resursların həcmini iki dəfə artırdıq. Bu, 30 illik müstəqilliyimiz tarixində ilk belə hal idi. Təəssüf ki, sələglərimiz bu məsələyə lazımi diqqəti göstərməmişdi. Bu, 1,7 milyard Moldova leyidir. Amma bu vəsait müdafiə qabiliyyətimizin gücləndirilməsinə, hərbçilərin həyatlarının yaxşılaşdırılmasına xərclənəcək. Çünki hazırda arsenalımızda olanlar Sovet texnikasıdır, köhnəlmiş texnikadır".
İqor Qrosu qeyd edib ki, hərbi texnika yeniləri ilə dəyişilir:
"Bizcə, bu, düzgün qərardır və gələcəkdə də bu addımı dəstəkləyəcəyik. Artıq başlamışıq. Xaricdən “Piranha” zirehli döyüş maşınları almışıq. Bunlar köhnə Sovet texnikasını əvəz edəcək. Eyni zamanda, monitorinq sistemləri, radarlar və s. də alınıb", - deyə, o, əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.