“İlham Əliyevin 60 illik yubileyi Azərbaycanın siyasi və sosial-iqtisadi sahədə qazandığı inamlı uğurlarla əlamətdardır ki, bu da Prezidentin yubileyinə əsas hədiyyədir”.
Bunu “Report”un Rusiya bürosuna Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
O bildirib ki, Prezidentin ad günündə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində onun ünvanına təbriklər səsləndiriləcək.
“Rusiyada İlham Əliyevin canının sağlam olması üçün deyiləcək sözlər xüsusilə isti və dostcasına səslənəcək. Çünki Azərbaycan Prezidentinin Rusiyada çoxlu dostları var. Onlar təkcə dövlət başçısının həmyerliləri arasında deyil, həm də uzun onilliklər ərzində onun ailəsi ilə qarşılaşanların sırasındadırlar. İlham Əliyev görkəmli atanın - Azərbaycan xalqının dahi oğlu, ölkənin müstəqillik qazanması, dünya miqyasında özünəməxsus səsi olması üçün çoxlu səylər göstərən Heydər Əliyevin layiqli övladıdır”, - M.Şvıdkoy vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqda humanitar əlaqələr xüsusi yer tutur: “Hörmətli Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrə göstərdiyi diqqət nəzərəçarpandır və çox vacibdir”.
M.Şvıdkoy fikrini belə yekunlaşdırıb: “Altmış yaş əsl kişi yetkinliyi yaşıdır. Bu, bir çox cəhətdən qarşıda uzun ömürün və ən çətin, cəsarətli planları həyata keçirmək üçün kifayət qədər gücün olduğu dövrdür. Azərbaycan xalqının mənafeyi naminə cənab Prezidentə məhz bunu arzulayıram”.