Mixail Qusman: “Azərbaycan Prezidentinin səmimi cavabları forumun növbəti iki gününə müsbət təkan verəcək”

Xarici siyasət
  • 21 iyul, 2023
  • 15:45
Mixail Qusman: “Azərbaycan Prezidentinin səmimi cavabları forumun növbəti iki gününə müsbət təkan verəcək”

“Azərbaycan Prezidenti İlham Əliyevin açıq və səmimi cavabları forumun növbəti iki gününə çox müsbət təkan verəcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın TASS informasiya agentliyinin direktor müavini Mixail Qusman deyib.

Onun sözlərinə görə, dövlət başçısı görüşün bütün iştirakçılarını sözün əsl mənasında ruhlandırıb.

“Belə səmimi, dərin, açıq söhbətə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. O, sualları cavablandıraraq həm daxili, həm də beynəlxalq siyasətə, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması kimi Azərbaycan üçün aktual olan məsələlərə, ölkənin Qoşulmama Hərəkatında iştirakı və təşkilatın gələcək inkişafı planlarına və bir çox başqa mövzulara toxunub”, - M.Qusman bildirib.

M.Qusmanın sözlərinə görə, Prezident İlham Əliyev dünya media cəmiyyətinin liderləri ilə iki saatdan çox vaxt keçirib: “Mən indi müxtəlif ölkələrdən olan həmkarlarımla fikir mübadiləsi aparmışam və bu, hamıda silinməz təəssürat yaradıb. Həmişə onun problemləri nə qədər yaxşı bildiyini, onlara nə qədər dərindən bələd olduğunu görmüşük. Amma bugünkü söhbət sadəcə inanılmaz idi. Həm beynəlxalq məsələlər, həm də Ermənistanla sülh müqaviləsinin bağlanması, ölkənin inkişafının strateji məsələləri, onun Qoşulmama Hərəkatının lideri qismindəki baxışı kimi ölkə üçün aktual məsələlər müzakirə olunub. Bütün bunlar, bir daha təkrar etmək istəyirəm ki, Prezident Əliyev tərəfdən böyük hədiyyə oldu və bu da ümumilikdə foruma güclü təkan verdi”.