Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi Misir mətbuatının diqqət mərkəzində olub.
"Report" xəbər verir ki, Misirin nüfuzlu “Cümhuriyə və ’“Əl Masr Əl Yom” qəzetləri, “Əl Ğad”, “Əl Diplomasi”, “Yeni Dünya xəbərləri” portalları, həmçinin “Asia Əl Yom” agentliyinin saytında qeyd olunub ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.
Xəbərdə diqqətə çatdırılıb ki, Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edib”.