Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı – 28 May - Respublika Günü münasibətilə Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və dost Azərbaycan xalqının rifahı naminə ən xoş arzularımı çatdırıram.
Cənab Prezident, Monteneqro ilə Azərbaycan arasında dostluq münasibətləri möhkəmlənir, o cümlədən əməkdaşlıq, anlaşma və qarşılıqlı faydalı münasibətlər dərinləşir. COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, əməkdaşlıq və qarşılıqlı dəstək də güclü olub. Ümid edirəm ki, epidemioloji şəraitin sabitləşməsi bizim təmaslarımızı davam etdirmək, eləcə də Monteneqro ilə Azərbaycan arasında dövlətlərarası tərəfdaşlıq əlaqələrinin, həmçinin xalqlarımızın dostluq münasibətlərinin möhkəmləndirilməsinə təkan verəcək yeni görüşlərin təşkilinə əlverişli imkan yaradacaq.
Zati-aliləri, Azərbaycan ilə daha da uğurlu əməkdaşlıq edəcəyimizə əminəm.
Sizə olan ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".