Milli Məclisin sədr müavini ÇXR-in Sülh və Tərk-silah Cəmiyyətinin sədr müavini ilə görüşüb

Milli Məclisin sədr müavini ÇXR-in Sülh və Tərk-silah Cəmiyyətinin sədr müavini ilə görüşüb Ziyafət Əsgərov: "Azərbaycan Çinlə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir"
Xarici siyasət
4 Noyabr , 2014 18:32
Milli Məclisin sədr müavini ÇXR-in Sülh və Tərk-silah Cəmiyyətinin sədr müavini ilə görüşüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ümumçin Siyasi Məşvərət Şurasının və Çin Xalq Respublikasını (ÇXR) Sülh və Tərk-silah Cəmiyyətinin sədr müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Z. Əsgərov bildirib ki, Azərbaycan Çinlə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir.

Söhbət zamanı qonağa Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzkar mövqeyi, ermənilərin ölkəmizdə törətdikləri terror aktları və Xocalı soyqırımı barədə məlumat verilib. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin, həmçinin Avropa Birliyinin və Avropa Şurasının münaqişə ilə bağlı məlum qətnamələrinin yerinə yetirilməmiş qaldığı bildirilib. Dünyanın bir qisim ölkələrində Xocalı soyqırımının qəbul edildiyi, bu soyqırımın digər ölkələrdə də tanınmasının vacibliyi qonağın diqqətinə çatdırılıb. Ziyafət Əsgərov deyib ki, Çin BMT TŞ-nin daimi üzvü olduğuna görə, həmin qurumun qətnamələrinin yerinə yetirilməsi istiqamətində Azərbaycana kömək edə bilər.

Görüşdə Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini Mao Biao təmsil etdiyi qurumun sədrinin salamlarını Milli Məclisin rəhbərliyinə çatdırıb. Çin-Azərbaycan dostluğuna böyük önəm verdiklərini qeyd edib. Bildirib ki, iki ölkə arasında siyasi baxımdan qarşılıqlı etimad getdikcə dərinləşir.

Sonra qonaq ölkəsində idarəetmə sahəsində aparılan islahatlardan, Çində gedən siyasi-iqtisadi proseslərdən geniş söhbət açıb. İqtisadi əlaqələrin genişlənməsi üçün irəli sürülən təşəbbüslərdən danışıb. Azərbaycanla əməkdaşlığı, xüsusilə iqtisadi əlaqələri dərinləşdirmək niyyətində olduqlarını deyib. Milli Məclisin rəhbərliyini bir daha Çinə dəvət edib.
Çinin sürətlə inkişaf etdiyini vurğulayan I vitse-spiker İpək Yolunun bərpası istiqamətində Azərbaycanda görülən işlərdən söz açıb, Bakı-Tiflis-Qars dəmir yolunun gələn il istifadəyə veriləcəyini bildirib. Qeyd edilib ki, iqtisadiyyatın sürətli inkişafı üçün sabitlik vacib amildir.

Son xəbərlər

Orphus sistemi