Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) illik sessiyası iyunun 30-da öz işinə başlayıb.
"Report"un məlumatına görə, Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev sessiyada və Daimi komitənin iclasında iştirak etmək üçün iyulun 3-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Qarışıq formatda keçiriləcək tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.
Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün büdcəsi və fəaliyyət planı təsdiq ediləcək. Tədbirdə qurumun prezidenti, vitse-prezidentləri, ümumi komitələrin rəsmiləri seçiləcək.
Sessiya çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik; İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin onlayn iclasları keçiriləcək.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Sessiya iyulun 7-də başa çatacaq.