“Müharibə tam mənada çox faciəli və ağrılı bir vəziyyətdir. Ancaq müharibə artıq bitib və ümid edirik ki, bir daha heç bir zaman geri dönməyəcək. Yeni vəziyyət əməkdaşlıq üçün böyük potensial yaradır. Düşünürəm ki, beynəlxalq ictimaiyyət diqqətini buna cəmləməlidir”.
“Report” xəbər verir ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai bu bəyanatı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində keçirilmiş miqrasiya komitəsinin iclasında səsləndirib.
O, bir milyon Azərbaycan vətəndaşının hələ də məcburi köçkün olaraq qaldığını, onların problemlərinin hələ də həll olunmadığını xatırladıb.
Deputat "erməni hərbi əsirləri” ilə əlaqədar olaraq bildirib ki, bu şəxslər tarixi 10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olublar və bir sıra hərbi cinayətlər törədiblər – onlar mülki şəxsləri öldürüblər və hərbi əsir sayıla bilməzlər.
“Bu, müharibənin davam etməsini istəyən erməni revanşist qrupu idi. Azərbaycan hakimiyyəti onlarla ölkə qanunvericiliyinə uyğun olaraq davranacaq. Azərbaycanlı məcburi köçkünlərə gəldikdə isə, onlar nəhayət ki, 30 il əvvəl qovulduqları torpaqlarına qayıtmaq perspektivini görürlər. Amma onlar indi ora qayıda bilərlərmi? Xeyr! Çünki bütün bu ərazilər minalanıb, onların evləri və məktəbləri dağıdılıb. Erməni “hərbi əsirləri”ni müzakirə etməyə başlayanda bu cür vacib məlumatı, detalları qaçırırıq. Belə bir müzakirə yersizdir. Azərbaycanlı məcburi köçkünlərin problemi isə çox qaynar bir mərhələdədir. Onların təhlükəsiz qayıdışı birbaşa Avropa Şurasının mandatına daxildir”, - N.Arpadarai deyib.