Bakı. 1 mart. REPORT.AZ/ Milli Məclisin deputatı, GUAM PA-nın sədri və parlamentin qurumdakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli Baltik Assambleyasının Təbii ehtiyatlar və ətraf mühit, İqtisadiyyat, energetika və innovasiyalar üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün martın 3-dən 5-dək Estoniyada səfərdə olacaq. Bu barədə "Report"a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Bu ölkənin paytaxtı Tallin şəhərində keçiriləcək toplantıda regional enerji təhlükəsizliyi məsələləri, qlobal iqlim, yeni texnologiyalar və innovasiyaların tətbiqi, kənd təsərrüfatı sektorunun və yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Deputat müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.