Yuxarı

Milli Məclisdə Azərbaycanla İran arasındakı birgə bəyannamə müzakirəyə səbəb olub

Səməd Seyidov isə həmkarına sazişin müddəalarını bir daha diqqətlə oxumağı tövsiyə edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) bugünkü iclasında “Azərbaycanla İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamənin təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən sazişin bəzi bəndləri ilə bağlı etirazlar səsləndirilib. “Report” xəbər verir ki, saziş barədə məlumat verən MM-in Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidovun sözlərinə görə, İran İslam Respublikası ilə belə bir sənədin imzalanması hər iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırır: “Bu sənəd həm də başqa ölkələrin bizim aramızda maneələr yaratmaq istəyinə qarşı ciddi bir siqnaldır. Bu saziş əlaqələrimizdə yeni bir mərhələnin başlanğıcı demək olacaq”.

Lakin deputat Sabir Rüstəmxanlı bu sənədə konkret bir cümlənin salınmasına etirazını bildirib. Belə ki, bəyannamənin birinci bəndinə görə, “Tərəflər öz ərazilərində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq edirlər”.

S.Rüstəmxanlı hesab edir ki, bu müddəa Azərbaycanda İranda baş verən hadisələrə münasibət bildirmək istəyənlərə qarşı alət kimi istifadə olunacaq: Bu sazişdə ayrı maddələr də olmalıydı. Qeyd edilməliydi ki, İran bizimlə düşmən ölkəyə yardım etməsin, ora beynəlxalq nəqliyyat dəhlizlərini açmasın, onlara neft-qaz verməsin. Bu sazişdə belə bir müddəa yoxdur”.

S.Rüstəmxanlının sözlərinə görə, bu bəyannamənin iki başı var və Azərbaycana xeyrindən çox, ziyanı daha çox dəyəcək.

S.Seyidov isə həmkarına sazişin müddəalarını bir daha diqqətlə oxumağı tövsiyə edib. Onun sözlərinə görə, İran bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: “Dağlıq Qarabağ məsələsi ilə bağlı müddəa da konkret olaraq sənədə salınıb. Sazişin ikinci bəndində qeyd olunub ki, “Tərəflər Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq etdilər”. Bu sənəd Azəbaycanın milli maraqlarına tam uyğundur, ölkəmizin ərazi bütövlüyünə qarşı təhlükə yox, əksinə, Azərbaycanın suverenliyinin İran tərəfindən tanınmasını birbaşa göstərir”.

Qeyd edək ki, layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi