Yuxarı

Metyu Brayza: Rusiyaya qarşı sanksiyalar Azərbaycanın iqtisadiyyatına təsir etməyəcək

Aİ və NATO Ukraynada əməliyyatlarını durdurmaq üçün Rusiyaya qarşı sanksiyalarını davam etdirməlidir

Bakı. 15 noyabr. REPORT.AZ/ "Rusiyaya qarşı sanksiyalar onun Ukraynaya tam gücü ilə daxil olmasının qarşısını alıb. Həmçinin, bu sanksiyalar sayəsində Rusiya iqtisadiyyatı böhran yaşayır, investorların etimadı azalır, rublun dollara qarşı məzənnəsi düşür, bu da Rusiya bank sistemi üçün təhlükə yaradır".

Bunu "Report"a ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ekspert Metyu Brayza Ukraynadakı vəziyyət səbəbindən bir sıra Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi məsələsini şərh edərkən deyib.

O bildirib ki, neftin qiymətinin 1 barelə görə 84 dollara qədər düşməsi ilə Rusiya iqtisadiyyatının problemləri davam edəcək, çünki bu sanksiyalar Rusiya iqtisadiyyati üçün mühüm əhəmiyyət kəsb edən Arktika neft yataqlarının işlənməsi üçün texnologiyaların alınmasına imkan verməyəcək. Brayzanın fikrincə, Rusiyanın Ukraynada istənilən digər hərbi əməliyyatları "Rusiya iqtisadiyyatının çökməsinə səbəb ola bilər".

M.Brayza həmçinin qeyd edib ki, "Rusiya artıq Ukraynanın şərqində daha bir dondurulmuş münaqişə yaradıb və orada təcavüzü Aİ və NATO-nun RF barəsində sanksiyaları davam etdirəcəkləri təqdirdə dayandırmaq mümkündür". 

Metyu Brayza sanksiyaların Azərbaycan iqtisadiyyatına təsiri haqqında danışıb və bildirib ki, sanksiyaların Azərbaycana təsir etməyəcəyini düşünür: "Əksinə, indi daha çox Rusiya Azərbaycandan gələn kənd təsərrüfatı mallarından asılıdır. Eyni zamanda, ixracın əsas gəlir mənbələri olan neft və qazın Rusiya iqtisadiyyatına heç bir əlaqəsi yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi