Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.
Bu barədə "Report"a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N'ourgh International du Film Amazigh - FINIFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik “All I need” filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulmuşdu.
Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi “Artsax” olaraq göstərilməsi məlum edilib. Həmçinin filmdə qondarma “erməni soyqırımı”na da istinad edilib.
Bununla əlaqədar olaraq, Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən bu ölkənin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakteri daşıyan “All I need” filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla da Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.