MDB-yə üzv dövlətlər BMT Baş Assambleyasının 75-ci sessiyasının gündəliyinə dair nazirliklərarası məsləhətləşmələr zamanı mövqelərin koordinasiyasını və davamlı inkişaf sahəsində gündəmi müzakirə ediblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirliklərarası məsləhətləşmələr videokonfrans formatında keçirilib. Tədbirdə Xarici İşlər Nazirliklərinin müvafiq şöbələrinin rəhbərləri, iştirakçı dövlətlərin səfirliklərinin nümayəndələri, habelə MDB İcraiyyə Komitəsinin əməkdaşları iştirak ediblər.
“Əsas diqqət Baş Assambleyada mövqelərin koordinasiyasına, BMT orqanlarına seçkilərdə namizədlərin qarşılıqlı dəstəklənməsinə, 2030-cu ilədək davamlı inkişaf sahəsində gündəmin həyata keçirilməsinə yönəldilib. Məsləhətləşmələr konstruktiv və maraqlı şəraitdə keçib və BMT platformasında MDB üzvü olan ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını müəyyənləşdirməyə imkan verib”, - Rusiya XİN-dən bildirilib.