Luiza Holk: Milli insan hüquqları institutları beynəlxalq öhdəliklərə uyğunluğun təminatında vacib rol oynayırlar

Xarici siyasət
  • 18 iyun, 2025
  • 12:08
Luiza Holk: Milli insan hüquqları institutları beynəlxalq öhdəliklərə uyğunluğun təminatında vacib rol oynayırlar

Milli insan hüquqları institutları insan hüquqlarının effektiv implementasiyasında, hər kəsin səsinin eşidilməsində, habelə siyasətlərin beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunluğunun təmin edilməsində vacib rol oynayırlar.

“Report” xəbər verir ki, bunu Milli İnsan Hüquqları İnstitutları Avropa Şəbəkəsinin (ENNHRI) sədri Luiza Holk iyunun 18-də Bakıda keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda yayımlanan videomüraciətində deyib.

O bildirib ki, bu simpoziumun adı aktual mövzuya həsr edilib.

"Hazırda biz hamımız insan hüquqlarına və qanunun aliliyinə qarşı təzyiqlərin artdığı bir vaxtda fəaliyyət göstəririk. Qarşıdan gələn illərin daha da çətin olacağı görünür.

Milli insan hüquqları institutları əsas insan hüquqları problemlərini müəyyən edir və onlara qarşı vaxtında effektiv cavab tədbirlərinin görülməsini, habelə uzunmüddətli dayanıqlı insan hüquqlarına əsaslanan həll yollarının tapılmasını təmin və təşviq edir”.

Şəbəkə rəhbəri əlavə edib ki, Avropa Şurası milli insan hüquqları institutlarını insan hüquqları, demokratiya, qanunun aliliyinin təminində əsas rıçaq olaraq tanıyır:

“Ombudsman İnstitutlarının Avropa Şəbəkəsi olaraq qanunun aliliyinin getdikdə azaldığını görürük. Bizim institutumuz 2020-ci ildən qanunun aliliyi sahəsində hesabatlılığı təmin edir. Üzv ölkələr öz dövlətlərində qanunun aliliyinə dair vəziyyəti monitorinq edərək bu haqda hesabatlarını bizə təqdim edirlər.

Bu hesabatlar çox mühüm mövzuları məhkəmə hakimiyyətinin və medianın müstəqilliyi, məhkəmə qərarlarının implementasiyası kimi mövzuları əhatə edir. Bu hesabatlar vasitəsilə Ombudsman institutlarının Avropa Şəbəkəsi regional trendləri və hesabatları müəyyən edir və Avropa səviyyəsində konkret tövsiyələrini irəli sürür”.