Litvalı professor: "Ermənilərin başqa xalqlara qarşı olan aqressivliyinə görə bu ölkəyə səfərlərdən imtina etdim"

Litvalı professor: "Ermənilərin başqa xalqlara qarşı olan aqressivliyinə görə bu ölkəyə səfərlərdən imtina etdim" Azərbaycanda səfərdə olan professor ölkəmizə heyran olduğunu deyib
Xarici siyasət
17 Aprel , 2017 18:52
Litvalı professor: Ermənilərin başqa xalqlara qarşı olan aqressivliyinə görə bu ölkəyə səfərlərdən imtina etdim

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanda işgüzar səfərdə olan Litva Edukoloji Universitetinin professoru Vidas Kavaliauskas Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bir sıra görüşlər keçirib.

Fonddan "Report"a verilən məlumata görə, litvalı professor Bakı Mühəndislik Universitetinin “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə tələbələrlə görüşüb.

Görüşdə təmsil etdiyi ölkənin etnik mənzərəsindən danışan V.Kavaliauskas Litvadakı multikulturalizm mühiti ilə Azərbaycan multikulturalizmi arasında paralellər aparıb. Professor deyib ki, ilk dəfə Azərbaycanda olandan sonra keçirdiyi heyranlıq hissi onu dəfələrlə ölkəmizə gəlməyə sövq edib.

Professor Azərbaycanın multikulturalizm modelinin dünyada nümunəyə çevrildiyini və dərs dediyi həm Litva, həm də Gürcüstan universitetlərində tələbələrinə bu barədə mütəmadi bilgilər verdiyini söyləyib.

Litvalı professorun həmin gün Bilik Fondunda təcrübəçi tələbələr və könüllülərlə görüşü keçirilib.

Çox sayda xarici ölkələrə səfərlər etdiyini diqqətə çatdıran V.Kavaliauskas Ermənistana cəmi bir dəfə getdiyini, gördüklərindən sonra daha heç vaxt bu ölkədə olmaq istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistandakı monoetnik mənzərə, həmin ərazidə başqa din və dil daşıyıcılarının yaşamaması, ermənilərin başqa xalqlara, onların təmsilçilərinə aqressiv münasibət göstərmələri onda xoşagəlməz ovqat yaratdığından professor bu ölkəyə növbəti səfərlərdən imtina edib.

Bilik Fondunun əməkdaşları səfərin ikinci günü litvalı alimi öz arzusu ilə birinci Fəxri Xiyabana aparıblar. Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başlayan ekskursiya zamanı qonağa Azərbaycanın tarixi şəxsiyyətləri haqqında geniş məlumatlar verilib.

V.Kavaliauskas Bakirə Müqəddəs Məryəm katolik kilsəsində təşkil olunan Pasxa bayramında da iştirak edib, Azərbaycan multikulturalizm ənənələrini özündə əks etdirən əyani vəsaitlərlə tanış olub. 

Son xəbərlər

Orphus sistemi