Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Riqa şəhərində fəaliyyət göstərən "Ocaq" Cəmiyyəti tərəfindən Latviya vətəndaşları üçün Azərbaycan dili kursları təşkil olunur.
Bu barədə "Report"a Azərbaycanın Latviyadakı səfirliyindən bildirilib.
Məlumata görə, Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Gəray Muradov “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dili və Ədəbiyyatı üzrə dərslikləri, habelə Azərbaycan mədəniyyəti və tarixinə, Dağlıq Qarabağa aid nəşrləri Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edib.
Mərkəzin əslən həm Azərbaycanlı həm də digər millətlərdən olan Latviyalı azyaşlı qrup üzvləri qarşısında çıxış edən G.Muradov Azərbaycan haqda məlumat verib, ölkəmizin tarixindən və mədəniyyətindən danışmışdır. O, şagirdlərə Azərbaycan dilinə və mədəniyyətinə yüksək maraq göstərdiklərinə görə təşəkkürünü bildirib.
R.Əliyev öz növbəsində G.Muradova təhsil materialları üçün və səfirlik tərəfindən daim göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
