Xarici işlər naziri Ceyhun Bayramov Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondonu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov iki dost ölkə olan Azərbaycan və Kuba arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə mövcud olan əməkdaşlıq münasibətlərini və ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edib. Nazir, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Hərəkatın fəal üzvü olan Kubanın dəstəyini, habelə sədrlik prioritetlərinin həyata keçirilməsi məsələsində dost ölkənin müsbət töhfəsini minnətdarlıqla vurğulayıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan hökumətinin Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təsis etdiyi təhsil təqaüdü proqramı çərçivəsində Kubadan tələbələrin ölkəmizdə təhsilini davam etdirməsinin xalqlar arasında əlaqələrin genişləndirilməsinə müsbət töhfə verəcəyini söyləyib. Həmçinin pandemiya dövründə Kubadan bir qrup həkimin Azərbaycana gəlməsinin xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığı səfirin diqqətinə çatdırılıb.
Səfir Alfredo Fidel Nieves Portuondo Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib. Fəaliyyəti müddətində Kuba Respublikası Prezidentinin Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayıb. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb.
Tərəflər iki ölkə arasında əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov səfir Alfredo Fidel Nieves Portuondoya ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.