Yuxarı
    Bağlamaq

    Kraliça II Elizabet: "Azərbaycanla Britaniya arasında dinamik tərəfdaşlığın inkişaf edəcəyinə əminəm"

    Azərbaycanın Böyük Britaniyadakı səfiri etimadnaməsini Kraliça II Elizabetə təqdim edib

    Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə etimadnaməsini Kraliça II Elizabetə təqdim edib. "Report"un "AzərTAc"-a istinadən verdiyi məlumata görə, Görüşdə T.Tağızadə Prezident İlham Əliyevin salamlarını Kraliça II Elizabetə çatdırıb və Azərbaycanın Böyük Britaniyada səfiri olmasından şərəf duyduğunu bildirib.

    İki ölkə arasında münasibətlərin inkişaf etdiyini vurğulayan səfir bu vəzifədə olduğu müddətdə Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə çalışacağını söyləyib.

    T.Tağızadəyə səfir kimi fəaliyyətində uğurlar arzulayan Kraliça II Elizabet Prezident İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib və ölkələrimiz arasında sağlam təməl üzərində formalaşmış dinamik tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

    Buckingham Sarayında keçirilən təqdimat mərasimindən sonra Azərbaycanın Londondakı səfirliyində bu münasibətlə qəbul təşkil edilib. Qəbulda xarici ölkələrin Londondakı səfirləri, Lordlar Palatasının üzvləri, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi və ictimai xadimlər iştirak ediblər.

    Diplomatik korpusun marşalı Alister Harrison Azərbaycanın Britaniyadakı yeni səfirinə uğurlar arzulayıb və ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

    Səfir T.Tağızadə Britaniya və Azərbaycanın etibarlı tərəfdaş olduqlarını söyləyib. Diplomat ikitərəfli əməkdaşlıqda enerji kimi ənənəvi sahə ilə yanaşı, təhsil, səhiyyə, maliyyə-bank, turizm, informasiya texnologiyaları sahələrində də geniş potensialın olduğunu diqqətə çatdırıb və bu əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi