Koreya Azərbaycanda məcburi köçkünlərin problemləri ilə bağlı yeni layihələr həyata keçirəcək

Koreya Azərbaycanda məcburi köçkünlərin problemləri ilə bağlı yeni layihələr həyata keçirəcək ​Baş nazirin müavini Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb
Xarici siyasət
25 Dekabr , 2014 17:14
Koreya Azərbaycanda məcburi köçkünlərin problemləri ilə bağlı yeni layihələr həyata keçirəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni qəbul edib. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Əsasən qaçqın və məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunan görüşdə Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu önə çəkən Ə.Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etmədiyindən, haqqın, ədalətin bərpa olunmamasına göz yummasından təəssüfləndiyini qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, bu günədək Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir qəsəbə salınıb, 240 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin münaqişə hələ də özünün ədalətli həllini tapmadığından Azərbaycanın məcburi köçkünlərinin çoxu bu gün də ağır şəraitdə yaşamaqdadırlar.

Qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən koreyalı diplomat hələ ötən il Ağcabədi rayonu ərazisində, bu il isə Yevlax, Gəncə və Mingəçevir şəhərlərində məskunlaşan məcburi köçkünlərlə görüşünü, hər 3 rayonda məcburi köçkün məktəblərində müxtəlif müsabiqələr keçirməklə onları mükafatlandırmaq kimi layihələr həyata keçirdiklərini, buradakı müasir qəsəbələrlə, orada yaradılan hərtərəfli şəraitlə tanışlığını xatırladaraq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlərlə bağlı gördüyü işlər onda böyük məmnunluq hissi doğurub.

Səfir Çoi Suk İn bildirib ki, onun rəhbərlik etdiyi səfirlikdə məcburi köçkünlərin problemlərinin həllinə kömək göstərmək məqsədilə müxtəlif yeni layihələr həyata keçirmək qərarına gəldiklərini, bütün bunlarla bağlı Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə də razılaşmalar əldə etdiklərini deyib.

Son xəbərlər

Orphus sistemi