Kolumbiya səfiri: "Azərbaycan geniş potensiala malik dost ölkədir"

Kolumbiya səfiri: "Azərbaycan geniş potensiala malik dost ölkədir" “Report” Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas ilə müsahibəsini təqdim edir.
Xarici siyasət
23 Dekabr , 2021 13:16
Kolumbiya səfiri: Azərbaycan geniş potensiala malik dost ölkədir

“Report” Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas ilə müsahibəsini təqdim edir.

- Azərbaycanla Kolumbiya arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbaycanla yaxın münasibətlərimiz var. Bu, qarşılıqlı hörmətə, etimada, əməkdaşlıq əlaqələrinə söykənən dost münasibətlərdir. Kolumbiyanın Azərbaycandakı səfirliyi 2014-cü ilin əvvəlində açılıb, Azərbaycan da paytaxt Boqota şəhərində səfirlik açıb. Kolumbiyanın Azərbaycanda ilk səfiri olaraq ölkələrimiz arasında münasibətləri daha da yaxşılaşdırmaq istiqamətində xeyli iş gördüyümüzdən çox məmnunam. Coğrafi baxımdan ölkələrimiz bir-birindən xeyli uzaq olsalar da, aramızda müsbət siyasi dialoq və ikitərəfli məşvərət mexanizmi qurulub. Həmçinin mədəni əlaqələri, insanlar arasında təmaslar qurulması üzərində çox iş görürük. Kolumbiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı proqram çərçivəsində Azərbaycan dövlət məmurları üçün ispan dili kursu fəaliyyət göstərir. Həmçinin səfirliyimiz Bakıda keçirilən beynəlxalq kitab sərgisində iştirak edib.

Bütün bunlarla yanaşı, təhlükəsizlik sahəsində də əməkdaşlığı artırmaq üçün yollar axtarırıq.

- Azərbaycan ilə Kolumbiya arasında iqtisadi əməkdaşlıq hansı sahələri əhatə edir? Ticarət dövriyyəsi nə qədərdir? Bakıda Kolumbiya Ticarət Evinin açılması nəzərdə tutulurmu?

- İki ölkə arasında ticarətin artırılması, turizm əlaqələrinin inkişafı üçün xeyli səy göstəririk. Təəssüf ki, iqtisadi və ticari sahədə mövcud imkanlar hələ də işə salınmayıb. Kolumbiya və Azərbaycan iş adamlarını bir araya gətirmək üçün bəzi tədbirlər keçirməyi düşünürük. Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək səfirliyimizin başlıca vəzifələrindəndir. Azərbaycan geniş potensiala malik dost ölkədir. Bu potensial əlverişli coğrafı mövqeyi ilə regiondakı nəqliyyat yollarından istifadə, infrastruktur, enerji ehtiyatları, insan potensialı kimi amillərlə bağlıdır.

Azərbaycan nəinki təkcə Kolumbiya, Pasifik Alyansın başqa üzv ölkələri üçün də geniş imkanlara malikdir. Biz də ölkənizdə başlıca brendimiz olan qəhvəmizi, habelə Kolumbiyanın zərif gül-çiçəyini, ləzzətli meyvələrini tanıtmaqda maraqlıyıq.

- Bu günlərdə Bakıda Pasifik Alyansın ofisi açıldı. Bu qurumun üzv ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq imkanları nə qədərdir? Həmçinin Azərbaycanın Pasifik Alyansda müşahidəçi kimi rolunu necə dəyərləndirərdiniz?

- Bakıda Kolumbiya, Meksika, Çili səfirlikləri Pasifik Alyans çərçivəsindəki sazişlərə əsasən eyni binada yerləşir. Biz Alyans üzvləri Azərbaycanla əməkdaşlığı artırmaq istiqamətində səylərimizi birləşdirməyə çalışırıq. İndi də Pasifik Alyans ölkələri ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək istiqamətində keçirilən tədbirlərin təşkili üçün yeni ofis istifadə olunacaq.

Bildiyiniz kimi, Pasifik Alyans 2011-ci ildə Çili, Kolumbiya, Peru, Meksika tərəfindən mal və xidmətlərin, insanların, kapitalın sərbəst mübadiləsinə söykənən dərin inteqrasiya imkanı yaratmağı hədəfləyərək yaradılıb. Bu təşkilat ölkələrimizin iqtisadi artımına, daha rəqabətcil olmalarına təkan verir. Təşkilatın gündəmində tərəfdaş ölkələrlə əlaqələr də xüsusi yer tutur. Pasifik Alyansda 4 üzv ölkə ilə yanaşı, 6 əlaqəli namizəd, həmçinin aralarında 2019-cu ilin iyul ayından Azərbaycanın da olduğu 59 müşahidəçi ölkə var. Kolumbiya Pasifik Alyans ölkələrinin Azərbaycanla hansı sahələrdə səmərəli əməkdaşlıq qurmaq imkanını müəyyənləşdirmək üçün rəsmi Bakı ilə müzakirələr aparılır. Bununla bağlı nikbin ovqatdayıq.

- Bəs ölkələrimiz arasında mədəni əməkdaşlıq necədir?

- Qeyd edim ki, Pasifik Alyansın ofisini açmaqda başlıca məqsədlərdən biri də elə mütəmadi, həftəlik və ya aylıq tədbirlər üçün məkan əldə etməkdir. Bu ofis Pasifik Alyans ölkələrinin mədəniyyətini tanıdan bir mərkəzə çevriləcək. Biz də Kolumbiya səfirliyi olaraq Bakıda film festivalları, rəqs tamaşaları, mədəniyyət və elm xadimləri ilə görüşlər təşkil etmək arzusundayıq. Bu kimi tədbirlər gündəliyimizdə mühüm yer tutur.

Son xəbərlər

Orphus sistemi