Yuxarı
    Bağlamaq

    ​Kanadada “Xəzər hövzəsi regionunda enerji geosiyasəti” adlı konfrans keçirilib

    Tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə baş tutub

    Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 10-da Azərbaycanın Kanadadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Karlton Universitetində “Xəzər hövzəsi regionunda enerji geosiyasəti” mövzusunda konfrans keçirilib.

    Səfirlikdən “Report”a verilən məlumata görə, iki paneldən ibarət konfrans Karlton Universiteti Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutu, eləcə də Türkiyə və Gürcüstanın Kanadadakı səfirlikləri ilə birgə təşkil edilib.

    Konfransın ilk paneli “Azərbaycan enerji dövləti kimi: “Əsrin müqaviləsi”ndən TANAP-adək” adlanırdı. Bu paneldə çıxış edən Kanadalı mütəxəssis Robert Katler, İstanbulda mərkəzləşən Xəzər Strategiyası İnstitutunun əməkdaşı Əfqan Niftiyev və ABŞ-ın Yaxış Şərq İnstitutunun nümayəndəsi Aleks Vatanka Azərbaycanda neft və qaz hasilatı sənayesinin tarixi və hazırkı durumu, ölkəmizin təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələri barədə ətraflı danışmışlar. A.Vatanka çıxışında, həmçinin ölkəmizin yerləşdiyi geosiyasi durumu və bu faktordan irəli gələn xarici siyasətini də təhlil etmiş, Azərbaycanın dünyəvi dövlət modelinin digər region ölkələri üçün nümunə ola biləcəyini demişdir. O, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə də iştirakçıları məlumatlandırmış və Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayan Ermənistanın regional enerji layihələrindən bu səbəbdən təcrid edildiyini vurğulamışdır.

    İkinci panel isə “Xəzər hövzəsi regionunda əməkdaşlıq: enerji üçlüyü və ötəsi” adlanırdı. Bu paneldə Türkiyə və Gürcüstan səfirləri Selçuk Ünal və Aleksandr Latsabidze, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli, eləcə də Tükiyə Enerji və Təbii Resurslar Nazirliyinin rəsmisi Reha Aykul Muratoğlu çıxış edərək, iştirakçıları Türkiyə, Gürcüstan və Azərbaycanın həm enerji, həm də digər sahələrdə əməkdaşlığı barədə məlumatlandırmışlar. Hər üç ölkənin nümayəndəsi bildirmişdir ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq birgə maraq və ümumi tarixə söykənir. Bu kontekstdə hər üç ölkə təmsilçisi əməkdaşlığın hazırkı durumunun üç tərəfi də qane etdiyini, birgə layihələrin uğurla həyata keçirildiyini və üçtərəfli əməkdaşlığın regionda sülh və təhlükəsizliyə töhfə verdiyini vurğulamışlar. Azərbaycanın müvəqqəti işlər vəkili, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və onun həm regional əməkdaşlıq, həm də iqtisadi mənfəət baxımından əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

    Sonda tədbirdə iştirak edənləri maraqlandıran suallara aydınlıq gətirilib.

    Tədbirə ümumən 50-ə yaxın iştirakçı qatılmışdır. Onlar əsasən Karlton Universiteti müəllim və tələbə heyəti, Kanadada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də Kanada Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin təmsilçiləri olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi