Yuxarı

​Kanadada Bakının işğaldan azad olunması münasibətilə tədbir keçirilib

Mərasimdə Azərbaycan və türk diasporunun nümayəndələri iştirak edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ 2015-ci il 19 sentyabr tarixində Kanadanın Monreal şəhərində 1919-cu ildə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 97-ci ildönümü münasibətilə Azərbaycan icması tərəfindən təşkil edilmiş tədbir keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan və türk diasporu təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli də iştirak edib.

İlk öncə Monrealdakı Azərbaycan icmasının rəhbəri və tədbirin təşkilatçısı Məsud Əliyev qısa açılış nitqi söylədikdən sonra sözü R.Hüseynliyə verib.

R.Hüseynli Monreala əvvəlki səfərləri çərçivəsində, eləcə də Ottavada Səfirliyin keçirdiyi tədbirlərdə yaxından iştirak edən icma üzvlərinin bəziləri ilə bir neçə dəfə görüşdüyünü söyləsə də, sırf icma ilə görüşün ilk dəfə keçirildiyini qeyd etmişdir.

Cari ilin 2 sentyabrın tarixində 39-cu Monreal Beynəlxalq Film Festivalı çərçivəsində Monreal şəhərində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filminin beynəlxalq premyera nümayişinin uğurla keçdiyini söyləyən R.Hüseynli həmvətənlərimizi belə tədbirlərdə daha fəal iştirak etməyi dəvət edib.

R.Hüseynli bildirib ki, ölkəmizin Kanadada təbliğində diaspora cəmiyyətlərimizin həlledici rol oynamalıdır və onların bu istiqamətdə həmrəylik nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir.

Müvəqqəti işlər vəkili diaspora nümayəndələrini ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq eləcə də milli mədəniyyətimizin Kanadada təbliği işində fəallıq və birlik nümayiş etdirməyə çağırmış, burada şəxsi maraqlar və siyasi baxışların kənara qoyulmasının mütləq olduğunu vurğulayıb.

Bundan sonra 97 il öncə Bakının azad olunmasında Osmanlı türklərindən təşkil olunmuş Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun şücaətləri barədə danışan M.Əliyev həmin günün Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biri olduğunu vurğulamış və o dövrün hadisələri barədə qısa məlumat verib.

Sonda həmyerlilərimizi maraqlandıran suallara aydınlıq gətirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi