Yuxarı

Kaliforniyanın Qərbi Hollivud şəhərində oktyabrın 18-i “Azərbaycanın Müstəqillik Günü” elan olunub

Bununla əlaqədar xüsusi bəyannamə qəbul edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar ABŞ-ın Qərbi Hollivud şəhəri tərəfindən xüsusi bəyannamə qəbul edilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, bəyannamədə 18 oktyabr tarixi Qərbi Hollivud şəhərində "Azərbaycanın Müstəqillik Günü" elan olunub. Bəyannamə şəhər meri Loren Meyster və şəhər şurasının üzvləri tərəfindən imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, demokratik respublika təsis edib, müsəlman dünyasında ilk dünyəvi respublika quran və qadınlara ilk dəfə səsvermə hüququ verən dövlət olaraq tarixə düşüb.

Bəyannamədə qeyd olunur ki, Azərbaycan 25 il öncə öz müstəqilliyini bərpa edərək, azadlığını və suverenliyini möhkəmləndirib, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji tərəfdaşına çevrilib. Həmçinin, vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristiyan və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.

Qeyd edək ki, oxşar bəyannamələr Kaliforniyanın San Dieqo Vilayəti və Torrens şəhəri tərəfindən də qəbul edilib. Bu bəyannamələr ilə 18 oktyabr tarixi müvafiq olaraq Torrens və San Dieqo Vilayətində “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

Həmçinin, Kaliforniyanın Örvayn şəhər meri tərəfindən 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi münasibətilə ölkəmizin Los Ancelesdəki Baş Konsulluğuna təbrik məktubu göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi