Yuxarı
    Bağlamaq

    Kaliforniya Universitetində ​Azərbaycana dair geniş mühazirə keçirilib

    Tədbirdə 120-dən çox tələbə iştirak edib

    Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev  ABŞ-ın Kaliforniya Nortridc Ştat Universitetində (California State University, Northdrige) Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Baş konsulluqdan “Report”a verilən məlumata görə, universitetin dəvətilə gerçəkləşən tədbirdə 120-dən çox tələbə qatılıb.

    Baş konsul N.Ağayev çıxışında Azərbaycanın zəngin mədəni irsi, keçdiyi tarixi inkişaf yolu və yerləşdiyi coğrafi məkan eləcə də, Azərbaycanın multikulturalizmin mərkəzlərindən biri olması və ölkəmizin qədim tolerantlıq ənənələri barədə danışıb. N.Ağayev Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı haqda tələbələri geniş şəkildə məlumatlandırıb. Baş konsul qeyd edib ki, münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ilk növbədə Ermənistanın və erməni xalqının özünün gələcəyinə zərbə vurur. “Təsadüfi deyil ki, məhz belə ziyanlı, uzaqgörməz siyasət nəticəsində Ermənistan son 24 ildə əhalisinin az qala yarısını itirib, böyük iqtisadi problemlərlə üzləşib və xarici yardımlardan asılı vəziyyətə düşüb”, - diplomat bildirib. N.Ağayev münaqişənin həllinin yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra mümkün olacağını qeyd edib.

    Daha sonra, baş konsul N.Ağayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycanın 90-cı illərdə bir sıra təhlükələrdən xilas olaraq, inkişaf və yüksəliş yoluna qədəm qoyduğunu bildirib. Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan mühüm nailiyyətləri qeyd edən diplomat, bu gün Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Baş konsul Azərbaycanın yürütdüyü konstruktiv xarici siyasət barədə danışaraq, ölkəmizin ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.

    Tədbirin sual-cavab qismində baş konsul tələbələrin müxtəlif səpkili suallarını cavablandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi