Kahramanmaraşın icra nümayəndəsi: "Azərbaycan bizi tək qoymadı, təşəkkür edirəm" 

Xarici siyasət
  • 13 fevral, 2023
  • 09:53
Kahramanmaraşın icra nümayəndəsi: Azərbaycan bizi tək qoymadı, təşəkkür edirəm 

"Azərbaycandan Kahramanmaraşın Doğukənd məhəlləsinə göndərilən yardımlara görə təşəkkür edirəm".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kahramanmaraşın Doğukənd məhəlləsinin icra nümayəndəsi Ahmet Bayraktar deyib.

"Allah hamımızdan razı olsun. Rəbbim bu hadisəni heç kəsə göstərməsin. Doğukənd məhəlləsinə çadırlar qurduğunuz üçün minnətdaram. Bizi bu təbii fəlakət zamanı tək qoymadınız. Bu gün hər kəsin birləşdiyi gündür", - icra nümayəndəsi vurğulayıb.

O, zəlzələnin necə baş verməsindən də danışıb: "Həmin vaxt ailəmlə evdə idik. Təbii fəlakətdən təxminən bir saat sonra çölə çıxdım. Həyat yoldaşımın vəziyyəti yaxşı deyildi. Çox şükürlər olsun ki, insanlarımız dağıntılar altından sağ çıxa bildi. Hazırda sakinlərin hərəsi bir tərəfdə qalır".

Qeyd edək ki, hazırda Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinin Doğukənd məhəlləsində sakinlər üçün çadırlar qurulmağa başlanılıb.