Yuxarı

Azərbaycanın Almaniyadakı səfirliyi jurnalist Rasim Əliyevin vəfatının siyasiləşdirilməsi cəhdlərini pisləyib

Səfirlik bəyanat yayıb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanın Almaniyadakı səfirliyi bu ölkədəki bəzi qüvvələrin jurnalist Rasim Əliyevin vəfatını siyasiləşdirmək cəhdlərini pisləyən bəyanat yayıb. “Report”un xəbərinə görə, səfirlik Almaniyada bəzi dairələrin R.Əliyevin jurnalist fəaliyyətinə dair düzgün olmayan məlumatlar yaymaqla ölüm hadisəsini siyasiləşdirməyə yönəlmiş cəhdlərini pisləyib.

Bəyanatda bildirilir ki, bir insanın faciəvi ölümünü kimlərinsə siyasi məqsədləri üçün reklam kampaniyası kimi sui-istifadə etməsi hər hansı mənəviyyata sığmır. Səfirlik bu hadisənin və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırıb.

Diqqətə çatdırılır ki, Azərbaycanın hüquq mühafizə orqanlarının jurnalistin ölümü ilə bağlı gördüyü təcili əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslər istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. Azərbaycan Prezidenti İlham Əliyev istintaqın gedişatını nəzarətdə saxlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi