Yuxarı

IV Qlobal Bakı Forumu öz işini panel iclaslarla davam etdirir

Sessiya “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur” mövzusunu əhatə edib

Bakı. 10 mart. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən IV Qlobal Bakı Forumu öz işini panel iclaslarla davam etdirir. 

"Report" xəbər verir ki, rəsmi açılış mərasimindən sonrakı sessiya “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur” mövzusunu əhatə edib.

Sessiyanın moderatoru Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger bu mötəbər tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Panel iclasda çıxış edən Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç münaqişələrin həllində qarşılıqlı anlaşmanın və kompromislərin əhəmiyyətini qeyd edib. Bosniya və Herseqovinada müxtəlif etnik və dini icmaların nümayəndələrinin yaşadığını bildirən M.İvaniç ölkəsində etnik, dini qarşıdurmalara yol verilməməsi üçün mövcud təcrübədən danışıb.

Daha sonra Albaniyanın Prezidenti Buyar Nişani Forumu fəal dəstəklədiyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. “Bu gün burda tək regionu yox, dünyanı əhatə edən bir çox məsələlər müzakirə edilir” - deyə o, bildirib. Prezident ölkəsinin keçdiyi ağır dövrdən danışıb, müasir dövrdə isə NATO-nun üzvü olan Albaniyanın sivilizasiyalararası dialoq, sivil inkişafın, sülh və azadlığın təmin olunmasında iştirak etdiyini bildirib. Albaniyada bütün dinlərin nümayəndələrinin birgə və qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edib. “II Dünya müharibəsindən sonra Albaniya yeganə dövlət idi ki, yəhudulərin gəlişi ilə əhalinin sayı 2 dəfə artmışdı. Albaniyada yaşayan bütün müsəlmanlar onlara öz qapılarını açmışdı” - deyə o bildirib.

Daha sonra Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili öz çıxışında beynəlxalq layihələrin icrası üçün Gürcüstanın yeni müttəfiqlərə ehtiyacı olduğunu deyib. G.Marqvelaşvili Gürcüstanın xüsusilə Azərbaycan ilə bütün sahələrdə sıx əməkdaşlıq etdiyini, ölkələrimizin birlikdə mühüm layihələri reallaşdırdığını söyləyib. Sonda o, mövcud problemlərin həlli üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

Monteneqro Prezidenti Filip Vuyanoviç isə tədbirin yüksək səviyyədə təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. F.Vuyanoviç yoxsulluğun aradan qaldırılması, bərabər təhsil imkanlarının təmini, iqlim dəyişikliyi və digər hədəflərə çatmaq üçün beynəlxalq ictimaiyyətin ciddi səy göstərməli olduğunu bildirib.

Makedoniya Prezidenti George İvanov müasir dövrdə baş verən münaqişələrin həllində dövlətlərin və beynəlxalq təşkilatların fəal və ciddi mövqe ortaya qoymalarının, yeni üsulların tapılmasının zəruriliyini diqqətə çatdırıb.

İsrailin sabiq Baş naziri Ehud Barak isə öz çıxışında əsasən dünyanı təhdid edən problemlərə, xüsusən də terrorizm mövzusuna toxunub.

Dünyada daimi sülhün və dayanıqlı inkişafın bərqərar olmasının əsas hədəf olduğunu vurğulayan Finlandiyanın sabiq Prezidenti Tarya Halonen bu prosesdə QHT-lərin də dövlətlər qədər mühüm rol oynadığını və həmin təsisatların səylərini artırmalı olduqlarını qeyd edib. O bu mötəbər tədbirdə gənclərin də fikirlərinin yer almasının bir çox problemlərin həllində yeni yanaşmaların öyrənilməsi baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Forum hal-hazırda öz işini davam etdirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi