İstanbulda Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin toplantısı keçirilib

İstanbulda Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin toplantısı keçirilib Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İstanbulda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin rəsmi düşüncə qurumlarının 7-ci toplantısı keçirilib.
Xarici siyasət
153
10 Dekabr , 2021 17:28
İstanbulda Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin toplantısı keçirilib

Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İstanbulda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin rəsmi düşüncə qurumlarının 7-ci toplantısı keçirilib.

Bu barədə "Report"a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev konfransda çıxış edib. O bildirib ki, faktiki olaraq şura son 10 ildə təşkilat kimi fəaliyyət göstərirdi və təşkilata çevrilmə ilə gözləntilər və onun məsuliyyəti daha da artıb. F.Şəfiyev əlavə edib ki, bütün bunlar beyin mərkəzlərinin də məsuliyyətini artırıb. O bu xüsusada Türk dünyası vizyonu-2040-ın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu sənəddə 4 əsas istiqamət təsbit olunub və buraya siyasi və təhlükəsizlik sahəsində işbirliyi, iqtisadi və sektoral sahədə əməkdaşlıq, humanitar münasibətlərin inkişafı və beynəlxaq əməkdaşlıq, yeni üzvlərlə iş məsələləri daxildir. Fərid Şəfiyev vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Türk Dövlətləri Təşkilatının önəmini daha da artırıb: "Bu zəfər və torpaların işğaldan azad edilməsi ilk növbədə Azərbaycanın təşkilata sədrliyi zamanı baş turub. Bu zəfər Azərbaycan və Türkiyənin işbirliyi nəticəsində ortaya çıxıb. Həmçinin müharibə zamanı bu təşkilat Azərbaycanın ədalətli mövqeyinə açıq dəstək verib". BMTM sədri bildirib ki, bu bölgənin taleyini təyin etmək uğrunda böyük dövlətlər və onların qurduğu təşkilatlar arasında mübarizə gedir: "Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi biz təbii müttəfiqik və bu bizim üstün cəhətimizdir. Qarabağ zəfəri nəticəsində əldə olunmuş üçtərəfli bəyanat bölgədə sülhün və əməkdaşlığın önünü açan sənəddir. Burada Türk Dövlətləri Təşkilatının da maraqlarına xidmət edən məqamlar mövcuddur. Xüsusilə Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycan arasında nəqliyyat koridorunu açacaq və türk dövlətləri arasında qurulacaq Orta Dəhlizin əsas və bağlayıcı bir hissəsi olacaq. Son bir ildə bu sahədə ciddi müzakirələr getsə də 26 noyabrda Soçidə Azərbaycan Rusiya və Ermənistan liderlərinin görüşündən sonra daha aktual olub. Türk dünyası arasında nəqliyyatın inkişafını dəstəkləyən bu koridora qarşı olanların da mövcudluğunu qeyd etmək istərdim. Lakin o qüvvələr başarılı ola bilməyib".

Fərid Şəfiyev təşkilatın gələcəyinə təsir edərək faktorları da sadalayaraq bu baxımdan siyasi, iqtisadi və ticari işbirliyinin artmasının vacibliyini vurğulayıb.

Konfransın açılış mərasimində çıxışı zamanı Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran ötən ay İstanbulda keçirilmiş türk dövlət başçılarının zirvə toplantısının tarixi görüş olduğunu deyib. Onun sözlərinə görə, qurumun təşkilata çevrilməsi onun bu günə kimi əldə etdiyi nailiyyətləri daha uğurlu şəkildə irəli aparması üçün təkan rolu oynayacaq. Nazir müavini əlavə edib ki, artıq təşkilat qarşısında yeni hədəflər var və bu bu hədəflərin zəminini hazırlamaqda beyin mərkəzlərinin rolu böyükdür. Onun sözlərinə görə, Azərbaycanın Türkiyənin də dəstəyi ilə Qarabağda zəfər qazanması türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı üçün böyük motivasiyadır.

Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov çıxışı zamanı İstanbul sammiti nəticəsində qurumun təşkilata çevrilməsinin türkdilli ölkələrə böyük təsirlərə malik olacağını və əməkdaşlıq üçün geniş potensial açacağını bildirib. Onun sözlərinə görə, qurumun təşkilat statusu alması onun beynəlxalq arenada rolunun möhkəmlənməsinə təkan verəcək. Qismət Gözəlov əlavə edib ki, təşkilat yeni eraya qədəm qoyub və artıq regional və qlobal mənada vacib aktora çevrilib. O, Azərbaycanın 44 günlük müharibədə qələbə etməsi ilə əldə olunmuş razılaşmaya əsasən Zəngəzur dəhlizinin açılmasının türk dünyası boyunca əlaqələri gücləndirəcəyini vurğulayıb. Tədbir üzv ölkələrdən olan nümayəndələrin çıxışları ilə davam edib.

Son xəbərlər

Orphus sistemi