Sentyabrın 28-də İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və Anım Günü ilə əlaqədar sərgi keçirilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.
Tədbir çərçivəsində fotolardan ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən fotolarda Vətən müharibəsi dövrü və işğaldan azad edilən torpaqların görüntüləri əks etdirilib.
Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva çıxış edib. O, Vətən uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıqlarından danışıb: “Bu qələbə Azərbaycan xalqının həm cəbhədə, həm də diplomatiyada ən parlaq ulduzudur".
Daha sonra Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı Murat Taner çıxış edərək Azərbaycanın Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdığını deyib: “Türkiyə bu savaşda taleyini taleyi, canını canı bilən azərbaycanlı qardaşlarının yanında oldu, onlarla birgə sevindi. Bu gün şanlı Azərbaycan bayrağı Qarabağda dalğalanırsa, bu yolda qəhrəman Azərbaycan oğullarının canı, qanı var".
Qeyd edək ki, tədbirdə Türkiyədə müalicə alan Vətən müharibəsi qaziləri də iştirak edib.