İran dini abidələri məhv edən Ermənistana öz dəstəyini bu gün də davam etdirir - RƏY
- 14 oktyabr, 2022
- 13:40
“İran Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə belə daim Ermənistana dəstək verib və bu gün də öz siyasətini davam etdirir. Baxmayaraq ki, Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə məscidləri dağıdıb, İslam mədəniyyətinin bir hissəsi olan dini abidələrimizi məhv edib”.
Bunu “Report”a Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
O qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni reallığı qəbul etmək istəməyən ölkələrdən biri də İrandır.
R.Məmmədov 44 günlük müharibə dövründə Azərbaycan xalqının və dövlətinin müsəlman ölkəsi olan İranın dəstəyini hiss etmədiyini xatırladıb və bildirib ki, İran rəsmiləri “Qarabağ – Azərbaycandır” şüarını yalnız müharibənin nəticələrinin şübhə doğurmadığını gördükdən sonra səsləndirməyə başladı:
“Azərbaycan hər zaman İranla münasibətlərdə səmimi olub. İranın milli maraqları əleyhinə yönəlmiş geosiyasi oyunlarda iştirak etməyib. Lakin biz qarşı tərəfdən eyni səmimiyyəti görmədik. Bu gün İranın dövlət rəsmilərinin Ermənistanın ərazi bütövlüyünü çox yüksək səslə dəstəkləməsi bu ölkənin əslində kimin tərəfində olduğunu çox aydın şəkildə nümayiş etdirir”.
Millət vəkili vurğulayıb ki, İranda yaşayan milyonlarla azərbaycanlının mədəni hüquqları pozulduğu halda ermənilərə xüsusi şərtlərin, imkanların yaradılması da anlaşılmazdır. Baxmayaraq ki, azərbaycanlıların sayı ermənilərdən qat-qat çoxdur:
“Düşünürəm ki, bütün bunlar hər birimizi, milyonlarla azərbaycanlını maraqlandıran, narahat edən məsələlərdən biridir. Daha bir narahatlıq doğuran məqam isə bundan ibarətdir ki, İran müxtəlif vasitələrlə, din pərdəsi altında Azərbaycanda özünün 5-ci kolonunu yaratmağa çalışır. Azərbaycan cəmiyyətində daxili qarşıdurma, gərginlik yaratmağa cəhd göstərir”.
R.Məmmədov Azərbaycan dövlətinin öz milli maraqlarını, ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək üçün kifayət qədər gücə sahib olduğunu, heç bir qüvvənin Azərbaycanı öz milli mənafelərini qorumaqdan çəkindirə bilməyəcəyini diqqətə çatdırıb.