"Yeni “3+3” formatı kommunikasiyaların bərpa edilməsi və vahid Cənubi Qafqaz iqtisadi məkanının yaradılması üçün real variantdır”.
Bunu “Report”un Rusiya bürosuna hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Ekspert Gürcüstanın bu formatda keçirilən ilk iclasda iştirakdan imtina etməsinə baxmayaraq, Ermənistan üçün dinc və iqtisadi təşəbbüslərin alternativsizliyinin aydın olacağına ümid etdiyini bildirib.
“Ekstraterritorial statusa malik olacaq Zəngəzur nəqliyyat dəhlizi layihəsini tezliklə işə salmaq lazımdır. Ən başlıcası, region ölkələri arasında kommunikasiya və iqtisadi əlaqələrin bərpa edilməsidir ki, bu da ilk növbədə Ermənistanın üçtərəfli bəyanat çərçivəsində və Soçi sammitinin nəticələri üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə əsaslanan sülh prosesinə töhfə verəcək”, - İ.Korotçenko vurğulayıb.
O söyləyib ki, Paşinyan və ətrafının Soçi görüşündə əldə olunmuş razılaşmaları tez və effektiv şəkildə həyata keçirmək arzusu yoxdur: “Bununla belə, rəsmi İrəvanın “3+3” formatının praktiki mexanizminə cəlb edilməsi Ermənistanın öhdəliklərini yerinə yetirməsinin 2022-ci ildə tam şəkildə həyata keçiriləcəyi ilə bağlı ehtiyatlı nikbinlik yaradır”.