Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə konstruktiv tərəfdaşlığın möhkəmlənməsi üçün birgə səylər göstərəcəklərinə inandığını bəyan edib.
"Report"un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı təbrik məktubunda əksini tapıb.
Dövlət başçısı məktubunda qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
"İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik", - İlham Əliyev məktubunda yazıb.