"Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcəkdir. Güclü və qüdrətli Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm".
"Report" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir. Bu baxımdan “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası vardır", - müraciətdə vurğulanıb.