"BMT Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu qərar Qərbi Azərbaycan İcmasının tanınması və indiki Ermənistan ərazisindən qovulmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı prosesin başlanğıcı kimi qəbul edilə bilər".
Bunu "Report"a açıqlamasında Qərbi Azərbaycan İcması sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən deyib.
O, Qərbi Azərbaycan İcmasının soydaşlarımızın geri qayıdışının təminatı ilə bağlı atmış olduğu addımlardan birinin öz bəhrəsini verdiyini deyib:
"Böyük fəxrlə qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan İcmasının Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıtmaqları ilə bağlı beynəlxalq təşkilatlar üçün yaydığı bəyanat BMT Təhlükəsizlik Şurası tərəfindən 17 yanvar 2023-cü il tarixindən rəsmi sənəd kimi qəbul edilib. Həmin sənəd ingilis, fransız, ərəb, ispan, çin və rus dilində qeydiyyatdan keçib".
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının sənədində Qərbi Azərbaycan kəlməsinin qəbul edilməsi özlüyündə böyük bir hadisədir:
"BMT Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu qərar bizim geri qayıdışımızın sürətlənməsinə, eyni zamanda sözügedən sənədi hüquqi bir sənəd kimi istifadə etməyimiz Ermənistan hökuməti tərəfindən tələblərimizin həyata keçirilməsi istiqamətində atacağımız addımlara böyük bir dəstək olacaq. Şübhəsiz ki, bu, hər birimizin uğurudur".
"Qarabağı işğaldan azad edərkən Prezident İlham Əliyevin ətrafında yumruq tək birləşdiyimiz kimi əminəm ki, qərbi azərbaycanlıların da geri qaydışının təminatı, həmçinin mədəni və siyasi hüquqlarının bərpa edilməsində də Azərbaycan xalqı birləşərək eyni hədəfə vuracaq" - R.Həsən vurğulayıb.