“Azərbaycana məxsus olan və indiki Ermənistan ərazisində yerləşən mədəni-tarixi irs, o cümlədən məscidlər və qəbiristanlıqlar dağıdılıb, toponimlər dəyişdirilib”.
“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, 1988-1991-ci illərdəki son deportasiya Ermənistanı monoetnik ölkəyə çevirib:
“Bu qeyri-insani aksiya zamanı 300 000-dən çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, 216 azərbaycanlı öldürülüb. Azərbaycana qarşı ərazi iddiaları isə sonuncu deportasiyadan sonra Birinci Qarabağ müharibəsinə və Azərbaycan ərazilərinin 20 faizinin 30 illik işğalına səbəb oldu”.
İcma rəsmisi qeyd edib ki, indiki Ermənistanın paytaxtı İrəvanda yerləşən və azərbaycanlılara məxsus olan Göy məscid 300 dini ibadət yeri arasında günümüzə qədər gəlib çatmış yeganə məsciddir. Ü.Zülfüqar vurğulayıb ki, Ermənistan rəhbərliyi Göy məscidi planlı şəkildə farsların mirası kimi təqdim edir:
“300 məscidin dağıdılması cinayət və böyük islamofobiya əlaməti olsa da, bir ölkənin irsini digərinə məxsus kimi təqdim etmək də insanlıqdan kənardır”.