ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşlə bağlı rəsmi Bakının narahatlığına reaksiya verməsi və ölkəmizin mövqeyini öyrənməsi Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.
Bu sözləri "Report"a açıqlamasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, ölkə rəhbərliyinin apardığı güclü, dəqiq xarici siyasət, inamlı diplomatik gedişləri, respublikanın artan iqtisadi qüdrəti, müasir dünyanın demokratik dəyərlərinə sadiqlik nümayiş etdirməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından birinə çevrilməsinə möhkəm zəmin yaradıb:
"Öz gücü hesabına ərazi bütövlüyünü, suverenliyini və Konstitusiya quruluşunu bütün ərazisində tam bərpa etdikdən sonra isə Cənubi Qafqazın lideri olan ölkəmizin beynəlxalq nüfuzu heç zaman olmadığı qədər yüksəlmişdir. Bu reallığı indi hətta dünyanın ən güclü dövlətləri də qəbul etmək məcburiyyətindədirlər".
I vitse-spiker qeyd edib ki, aprelin 3-də ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək ABŞ-Avropa İttifaqı-Ermənistan formatı əsasında aprelin 5-də keçirilməsi nəzərdə tutulan Brüssel görüşü ilə bağlı Azərbaycanın ciddi narahatlığını və narazılığını nəzərə alaraq Ağ Evin mövqelərini izah etməyə çalışması bu gerçəkliyi bir daha təsdiqləyir: "Birləşmiş Ştatlarının çağdaş xarici siyasətini müəyyənləşməsində əhəmiyyətli rola malik baş diplomatın Bakının narahatlığına bu şəkildə reaksiya verməsi, ölkəmizin mövqeyini öyrənməsi və ikitərəfli, eyni zamanda, regional əhəmiyyətli məsələləri müzakirə etməsi qalib Azərbaycanın və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun, çəkisinin göstəricisidir".
"Artıq hər kəsə anlayır ki, Azərbaycanın rəyi nəzərə alınmadan bölgədə sülh və əməkdaşlıq mühiti yaratmaq mümkün deyil", - Ə.Hüseynli söyləyib.