Yuxarı

İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu: Azərbaycan, Gürcüstan və Türkiyə bir-birindən asılıdır

İSPİ Azərbaycanın üçtərəfli xarici siyasət strategiyasına dair hesabatını açıqlayıb

Bakı. 14 iyul. REPORT.AZ/ İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun (İSPİ) Azərbaycanın üçtərəfli xarici siyasət strategiyasına dair hesabatını açıqlayıb. "Report" xəbər verir ki, bu ilin iyul ayında İtaliyanın nüfuzlu beyin mərkəzi olan İSPİ-nin dərc etdiyi "Cənubi Qafqaz regionunda əməkdaşlığın çərçivələri: Azərbaycan, Gürcüstan və Türkiyə - enerji strategiyasının kölgəsində üçtərəfli diplomatiya" adlı hesabatın müəllifləri Venesiya Universitetinin və İSPİ-nin elmi işçisi Karlo Frappi və Roma Tre Universitetinin professoru Marco Valigidir.

Hesabatda qeyd edilib ki, bəzi hallarda Qərbdə Azərbaycanın yerləşdiyi bölgə ilə bağlı akademik dairələr və bu regionla məşğul olan diplomatlar tərəfindən Qafqaza gələcəyi olmayan perspektivsiz region kimi qiymətləndirilir. Müəlliflərə görə, həqiqətən də regionda mövcud münaqişələr bölgənin gələcək inkişafı yolunda ən böyük maneə olsa da, göstərilən coğrafiyaya bu cür yanaşma əslində Qərbin onların dəyərlərindən fərqli əsaslarla nizamlanan istənilən siyasi münasibətləri qeyri-səmərəli və dağıdıcı kimi yanlış qiymətləndirmə meyilindən irəli gəlir. Buna baxmayaraq, Azərbaycan, Gürcüstan və Türkiyənin bir-birindən asılı, eyni zamanda bərabər hüquqlu münasibətləri müasir dövrdə Qafqaz-Xəzər regionunda effektiv qarşılıqlı əlaqələr olmaqla, bölgədə prosesləri təhlil etmək üçün başlanğıc nöqtəsidir. Bu əməkdaşlığın əsası enerji sahəsində qoyulsa da, bu sahə üçtərəfli əməkdaşlığın daha da dərinləşməsinə imkan vermir. Müəlliflər hesabatın girişində bölgənin Abxaziya və Cənubi Osetiya kimi münaqişələrin regionun gələcək inkişafı üçün əsas maneə olduğunu göstərməklə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin onların içərisində daha genişmiqyaslı olduğunu və Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərinin işğalının hələ də davam etdiyini göstərirlər.

Bu araşdırma region haqqında dünyanın müxtəlif ölkələrində yazılan, sadəcə siyasi qərar vericilər üçün konkret tövsiyələri nəzərdə tutan və ya bölgədə siyasi prosesləri təsvir edən hesabat deyil. Belə ki, müəlliflər hesabatda Cənubi Qafqazda çox şaxəli və mürəkkəb münasibətlər sistemini təhlil edərkən, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın dinamikasına həm də akademik və nəzəri-konseptual prizmadan baxmağa çalışıblar. Belə ki, müəlliflər tərəfindən üç ölkə arasında münasibətlərin dinamikasına Teodor Kaplovun üçtərəfli münasibətlərdə ittifaqlar nəzəriyyəsinin (Theodor Caplow’s theory of coalitions in triads) prizmasından baxılması bu hesabatın sadəcə siyasi qərarvericilərin cari maraqları üçün nəzərdə tutulmuş bir araşdırma olmayacağını, həm də beynəlxalq münasibətlərin nəzəri əsasları ilə məşğul olan müxtəlif akademik dairələrin uzun müddət nəzərində olacağına təminat verir. 

Müəlliflərə görə, göstərilən nəzəriyyənin Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin təhlili zamanı tətbiq edilməsinin akademik əhəmiyyəti odur ki, bu ölkələr arasında münasibətləri mürəkkəbləşdirən və regionun təhlükəsizliyini təhdid edən kənar amillərin həmin nəzəri prizmadan dəyərləndirilməsi bu araşdırmaya marağı artıracaq. Müəlliflərə görə, bu baxımdan dünya okeanına çıxışı olmayan (landlocked), Dağlıq Qarabağ münaqişəsi zamanı əraziləri işğal edilmiş və bir sıra digər regional və qlobal təhdidlərlə üzləşən Azərbaycanın göstərilən üçtərəfli münasibətlərin əsas təşəbbüskarı və aparıcısı olması xüsusi ilə diqqətə layiqdir. Hesabatda enerji layihələri ilə əsası qoyulan üçtərəfli əməkdaşlığın gələcəkdə digər istiqamətlərdə daha da dərinləşməsi və Azərbaycanın həyata keçirdiyi bir sıra qeyri-neft sektoruna dair regional layihələrlə Şərq-Qərb ticarət nəqliyyat, digər infrastruktur layihələr və gələcək əməkdaşlıqlar üçün etibarlı əsas yaratmaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi