Yuxarı
    Bağlamaq

    İtaliyalı tədqiqatçının “Geopolitica.info” portalında ulu öndərlə bağlı məqaləsi dərc olunub

    Müəllif Heydər Əliyevin hakimiyyətə qayıdışından əvvəlki dövrü xaos, sonrakı dövrü sabitlik və yüksəliş dövrü kimi xarakterizə edib© geopolitica.info

    Bakı. 10 may. REPORT.AZ/ Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçellinin “Geopolitica.info” analitik-informasiya portalında “Heydər Əliyevin irsi: 10 may tarixində Azərbaycan öz ümummilli liderinin anadan olmasının ildönümünü qeyd edir” adlı məqaləsi dərc olunub.

    "Report" xəbər verir ki, müəllif məqaləsində Azərbaycan tarixində ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından əvvəlki dövrü xaos, sonrakı dövrü sabitlik və yüksəliş dövrü kimi xarakterizə edir, ulu öndərin Vətənin atası olduğunu bildirir.

    Yazıda ölkəmizin müstəqilliyinin ilk illərinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkənin beynəlxalq səviyyədə təcridi, hakimiyyətdə olan qüvvələrə xalqın etimadının olmaması, ölkənin ictimai və iqtisadi həyatının iflic vəziyyətə düşməsi ilə müşayiət olduğu vurğulanır. Müəllif belə bir mürəkkəb vəziyyətdə hakimiyyətə gələn ümummilli liderin ölkədə daxili çəkişmələrin qarşısını almağa, daxili və xarici qarşıdurmalar nəticəsində tam şəkildə zəifləmiş dövlət institutunu gücləndirməyə, ölkə hakimiyyətinin legitimliyini təmin etməyə müvəffəq olduğunu diqqətə çatdırır.

    Ulu öndərin fəaliyyətinin ilk dövrünün üç istiqamətdə aparılan kursa əsaslandığını bildirən müəllif bunların Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması, beynəlxalq arenada müstəqil xarici siyasətin yürüdülməsi, 1994-cü ildə xarici ölkələrin nüfuzlu şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan strategiyanın həyata keçirilməsindən ibarət olduğunu qeyd edir.

    Müəllif bu üç istiqamətdə yürüdülən siyasi kursun Azərbaycanda çox güclü iqtisadi və sosial inkişafın əsasını qoyduğunu, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu inkişafın dərinləşərək bütün Azərbaycan cəmiyyətinin rifahının yüksəldilməsini təmin etdiyini diqqətə çatdırır.

    Yazıda müəllif ümummilli liderin xarici siyasətdə yeni tərəfdaşlarla da münasibətlərin inkişaf etdirilməsinə üstünlük verdiyini, bu xüsusda 1997-ci ildə Prezident Heydər Əliyevin İtaliyaya rəsmi səfərini və bu səfərin növbəti illərdə Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə güclü əməkdaşlığın əsasını qoyduğunu bildirir. Bu gün iki ölkənin bir-biri ilə siyasi, iqtisadi, mədəni sahələrdə önəmli mübadilələr, strateji layihələrlə bağlı olduğunu vurğulayan müəllif Heydər Əliyev Fondunun Azərbaycan-İtaliya əməkdaşlığına verdiyi önəmli töhfələrdən də bəhs edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi