İstanbulda “Xocalı qətliamı” abidəsi və “Azərbaycan dostluq parkı”nın açılışı olub

İstanbulda “Xocalı qətliamı” abidəsi və “Azərbaycan dostluq parkı”nın açılışı olub İstanbul. 26 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Bağcılar səmtində “Xocalı qətliamı” abidəsi və Azərbaycan dostluq parkının açılışı olub. 
Xarici siyasət
26 Fevral , 2018 16:39
İstanbulda “Xocalı qətliamı” abidəsi və “Azərbaycan dostluq parkı”nın açılışı olub
Report

İstanbul. 26 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Bağcılar səmtində “Xocalı qətliamı” abidəsi və Azərbaycan dostluq parkının açılışı olub. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mevlüt Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və Xocalı şəhidlərinin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Xocalıda hər iki valideynini itirən 25 uşağın adından çıxış edən Səbinə Məhərrəmova 7 yaşında o qanlı gecədə ermənilərin ona və ailəsinə yaşatdığı zülmdən danışıb, aradan 26 il keçsə də, haqqın, ədalətin bərqərar olmadığını, bu dəhşəti törədənlərin cəzasız qaldığını deyib.

İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mevlüt Uysal və Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı abidənin və parkın açılışında xüsusi əməyi olan Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevə təşəkkür edib, Türkiyənin bütün vilayətlərində olduğu kimi, İstanbulda da Xocalı abidəsinin qoyulmasının vacibliyinə diqqət çəkiblər. Hər gün minlərlə turistin ziyarət etdiyi İstanbulda Xocalıda ermənilərin günahsız insanlara yaşatdıqları zülmü dünyaya çatdırmaq üçün bu abidədə qanlı tarixin yazıldığını deyiblər.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Xocalının acısını İstanbulda dilə gətirən, abidələrə, parklara yazan Türkiyə hökumətinə minnətdarlıq edib, ucaldılan abidəni dostluq və qardaşlığın sübutu kimi qiymətləndirib: "Əminəm ki, bu abidələr millətlər, xalqlar və sivilizasiyalar üçün mühüm əhəmiyyət daşıyan dostluq və qardaşlığın simvoluna çevriləcək. Təcavüzkar Ermənistan dövlətinin insanlıq əleyhinə vəhşiliyindən fərqli olaraq, Azərbaycan və Türkiyənin heç kimin torpağında gözü yoxdur. Biz insanların dostluq və qardaşlıq şəraitində yaşamasını təmin etmişik və edəcəyik".

Daha sonra qonaqlar 33 hektar ərazisi olan Azərbaycan dostluq parkını gəzib parkda ağac əkiblər.

Qeyd edək ki, “Xocaqlı qətliamı” abidəsi və Azərbaycan dostluq parkı Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul Böyükşəhər Bələdiyyəsi və Bağcılar rayon bələdiyyəsinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi