Yuxarı
    Bağlamaq

    İlham Əliyev Türkiyədə toy mərasimində baş vermiş faciə ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Azərbaycan prezidenti bu xəbərdən sarsıldığını bildirib

    Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində qeydə alınan çoxsaylı insan tələfatı ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

    "Report" xəbər verir ki, Azərbaycan prezidenti məktubunda bu xəbərdən olduqca sarsıldığını bildirib.

    "Hörmətli cənab prezident, əziz qardaşım, Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

    Biz bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!", - deyə dövlət başçısı qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi