Yuxarı

İlham Əliyev: "Roma Papasının Azərbaycana səfəri bütün bəşəriyyət üçün önəmlidir"

Bu, tarixi bir səfərdir

Bakı. 2 oktyabr. REPORT.AZ/ Roma Papası Fransiskin Azərbaycana səfəri bütün bəşəriyyət üçün önəmlidir.

"Report" xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

"Keçən il Vatikanda görüşərkən mən sizi Azərbaycana dəvət etdim və çox şadam ki, siz dəvəti qəbul edib bu gün ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük mənası var. Bu, tarixi bir səfərdir. Bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir daha onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək", - deyə dövlət başçısı qeyd edib.

O, Vatikan-Azərbaycan əlaqələrinin artıq 24 ildir ki, uğurla inkişaf etdiyini vurğulayıb:

"Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilib. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Bizim əlaqələrimiz, eyni zamanda, ictimai təşkilatlar tərəfindən dəstəklənir. Keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olub. Bu gözəl hadisə bir daha onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda, dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi