Yuxarı
    Bağlamaq

    İlham Əliyev Danimarka və Portuqaliya səfirlərinin etimadnamələrini qəbul edib - YENİLƏNİB

    Mərasim martın 26-da baş tutub

    Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 26-da Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinqin etimadnaməsini qəbul edib.

    "Report" xəbər verir ki, səfir Svend Ollinq fəxri qarovul dəstəsinin qarşısından keçib.

    Svend Ollinq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

    Dövlət başçısı Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruriliyini vurğulayıb. Hazırda ölkələrimiz arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın aşağı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev daha çox biznes əlaqələrinə malik olmağın vacibliyini bildirib.

    Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan fövqəladə və səlahiyyətli səfir Svend Ollinq ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, “Carlsberg” şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq hazırda ölkəmizin qida sənayesinə investorları cəlb etdiklərini bildirib. O, Danimarka şirkətlərinin ölkəmizə müasir texnologiya gətirəcəklərini və azərbaycanlı tərəfdaşları ilə birgə İsmayıllı rayonunda hind quşu fabrikini açmağı planlaşdırdıqlarını deyib. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat əlaqələrimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.

    Dövlət başçısı Danimarka şirkətlərinin ölkəmizin regionlarında qeyri-neft sektoruna sərmayə yatırmalarını Azərbaycanın iqtisadi siyasətinə uyğun olduğunu vurğulayıb və bunun regionların inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və daha çox ixrac imkanlarının artırılması baxımından önəmini qeyd edib.

    Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Danimarkalı diplomat ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

    ***

    Prezident İlham Əliyev martın 26-da, həmçinin Portuqaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paula Leal da Silvanın etimadnaməsini qəbul edib.

    Səfir Paula Leal da Silva da fəxri qarovul dəstəsinin qarşısından keçib. Daha sonra Paula Leal da Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Prezident səfirlə söhbət edib.

    Paula Leal da Silva Portuqaliya Prezidenti Marselo Rebelo de Susanın, Baş nazir Antonio Kostanın ən xoş arzularını və dərin ehtiramlarını dövlət başçısına çatdırıb.

    O, ölkəmizə ilk dəfə səfər etdiyini, paytaxtımızın inkişafının onda çox böyük təəssürat yaratdığını vurğulayıb. Xanım Paula Leal da Silva ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində çox maraqlı olduğunu deyib.

    Dövlət başçısı Azərbaycanın da Portuqaliya ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparılmasının, iqtisadi fəaliyyətin səviyyəsinin və biznes əlaqələrinin artırılmasının vacibliyini bildirib.

    Görüşdə ölkələrimiz arasında turizm sektorunda əməkdaşlıq üçün yaxşı imkanların olduğu qeyd edilib, bu sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Dövlət başçısı Prezident Marselo Rebelo de Susanın və Baş nazir Antonio Kostanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi