Yuxarı

​İlham Əliyev Çin sədrinin xüsusi nümayəndəsini qəbul edib

Çin sədrinin xüsusi nümayəndəsi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycana gəlib

Bakı. 22 may. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, İlham Əliyev Menq Jianzun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib, bu səfərin iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi işinə töhfə verəcəyini deyib.

Əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət sahələrində və humanitar sahədə əlaqələr uğurla inkişaf edir. Hüquq mühafizə və təhlükəsizlik sahələrində də əməkdaşlığımızın genişləndirilməsi ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə töhfə verə bilər.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən xüsusi nümayəndə Menq Jianzu Çin sədri Si Cinpinin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. O qeyd edib ki, Azərbaycana səfərə gələn nümayəndə heyətinin tərkibinə Çinin bütün hüquq mühafizə, təhlükəsizlik orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbər nümayəndələri daxildir. Çin xalqının ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə böyük hörmət bəslədiyini bildirən Menq Jianzu deyib:

“Heydər Əliyev sözün əsl mənasında Azərbaycan xalqının ümummilli lideridir. Siz onun siyasətini uğurla davam etdirirsiniz. Azərbaycanda sizin rəhbərliyinizlə iqtisadiyyat sürətlə inkişaf edir, ictimai-siyasi sabitlik tam təmin olunub, əhalinin əhval-ruhiyyəsi yüksəkdir”.

Çinin Azərbaycan ilə təhlükəsizlik, hüquq mühafizə sahələrində, terrorizmə, transmilli iqtisadi cinayətkarlığa, kibercinayətkarlığa qarşı mübarizə, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığı genişləndirməsində maraqlı olduğunu deyən Çin rəsmisi bildirib ki, təhlükəsizlik sahəsində əməkdaşlıq regional əməkdaşlığa da töhfəsini verə bilər. Menq Jianzu Böyük İpək Yolunun perspektivli layihə olduğunu vurğulaıb.

Azərbaycan prezidentinin Çinə dövlət səfərinin uğurlu keçdiyini, gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində səfər zamanı mühüm sənədlərin imzalandığını xatırladan və Si Cinpinlə Azərbaycan prezidenti arasında dostluq əlaqələrinin yarandığını deyən Menq Jianzu vurğulaıb ki, Azərbaycan Çin üçün dost və qardaş ölkədir. O, bildirib ki, səfərinin əsas məqsədi prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə təkan verməkdir. Menq Jianzu deyib ki, Azərbaycana səfərdən əvvəl o, Si Cinpinlə görüşüb. Si Cinpin onunla söhbətində Azərbaycanın gözəl ölkə olduğunu söyləyib və özünün də Azərbaycana səfər etmək arzusunda olduğunu deyib.

Ulu öndər Heydər Əliyev və ölkəmiz haqqında xoş sözlərə görə minnətdarlığını bildirən prezident İlham Əliyev qeyd edib ki, ümummilli lider Çin ilə ikitərəfli münasibətlərin təməl prinsiplərinin qurulmasında müstəsna rol oynayıb. Dövlət başçısı bildirib ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət, eləcə də Çin ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu gün uğurla davam etdirilir. Çinin Azərbaycan üçün dost və qardaş ölkə olduğunu və Çin ilə münasibətlərin inkişaf etdirilməsinin xarici siyasətimizdə əsas istiqamətlərdən biri olduğunu deyən prezident İlham Əliyev bildirib ki, bu ölkəyə dövlət səfəri zamanı keçirilən görüşlər və aparılan səmərəli danışıqlar bunu bir daha təsdiq edib.

Dövlət başçısı Azərbaycandan keçərək Çindən Avropaya dəmir yolu ilə yük daşınması sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğunu vurğulayıb və bu sahədə fəal iş aparıldığını deyib. Azərbaycan ilə Çin arasında terrorizm, ekstremizm və separatizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan İlham Əliyev ölkəmizin erməni terrorizmi və separatizmi ilə üzləşdiyini bildirib və qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Dövlət başçısı Azərbaycanın Çinin ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

Prezident Çinin daha çox şirkətlərinin Azərbaycanın iqtisadiyyatında iştirakında və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyib. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycana dialoq üzrə tərəfdaş statusunun verilməsində Çinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və bu təşkilatla fəal əməkdaşlığın aparılmasının Azərbaycanın xarici siyasətində prioritetlərdən biri olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çin Xalq Respublikasının sədrinə çatdırmağı xahiş edib. Dövlət başçısı Si Cinpini onun üçün münasib vaxtda ölkəmizə rəsmi səfərə dəvət edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyanada keçirilən son görüşün nəticələri müzakirə olunub. Çin tərəfi münaqişənin tezliklə sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi Menq Jianzu qeyd edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərinə hörmətlə yanaşır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi