"Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 20-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, səfər çox yüksək səviyyədə təşkil edildi: "Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluq” ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür. Azərbaycanda da Rusiya Prezidentinə böyük hörmət var. İkitərəfli əlaqələrin inkişafında prezidentlərin, əlbəttə ki, xüsusi rolu vardır. Mehriban xanımın səfər çərçivəsində həm Baş Nazirlə, həm də Federasiya Şurasının sədri ilə görüşləri olubdur. Əlbəttə ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun yenidən açılması tarixi hadisədir. Yəni bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir".
"Rusiyada yaşayan azərbaycanlılar, əminəm ki, bunu gündəlik həyatda hiss edirlər. Çünki Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmdə, təhsildə, biznesdə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar. Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir. Bildiyiniz kimi, Azərbaycanda da böyük rus icması yaşayır və fəaliyyət göstərir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar bizim qardaşlarımız kimi Azərbaycanın ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə hesab edirəm ki, ilin sonunda bizim görüşümüzün xüsusi mənası var. Fürsətdən istifadə edərək sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Xahiş edirəm, mənim salamlarımı Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan bütün soydaşlarımıza çatdırasınız", - Prezident İlham Əliyev qeyd edib.