"Azərbaycan və İsraili möhkəm dostluq əlaqələri, strateji tərəfdaşlıq birləşdirir. Hazırda iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "I24NEWS" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı yeni səviyyəyə qaldırıb:
“Əməkdaşlığın inkişafı üçün ikitərəfli əlaqələr, yüksək səviyyəli səfərlər çox vacibdir. İsrailin hazırkı Baş naziri və Prezidenti, eləcə də ölkənin bir sıra nazirləri Azərbaycanda səfərdə olub. Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin nümayəndələri, yüksək vəzifəli şəxslər mütəmadi olaraq İsrailə səfər edirlər. İki ölkə hökumətləri arasında münasibətlərin belə dinamikası və yüksək səviyyəli rəsmi səfərlər Azərbaycan ilə İsrail arasında əməkdaşlığın mühüm tərkib hissəsidir”.
Müsahibə zamanı Azərbaycan Prezidentinin köməkçisi İsrail Dövlətinin Müstəqillik Günündə Prezident İsxak Hersoqun Azərbaycana səfərini xatırladıb: "Biz bunu yüksək qiymətləndiririk".
Əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı sualı cavablandıran H.Hacıyev qeyd edib ki, Azərbaycan hökuməti müdafiə və hərbi əməkdaşlıq sahəsində tərəfdaşlığa görə İsrailə minnətdardır:
“Belə bir konkret sahədə əməkdaşlıq etməyimiz ölkələrimiz arasında etimadın və bir-birimizə inamın göstəricilərindən biridir”.
Azərbaycan Prezidentinin köməkçisi xatırladıb ki, 30 il ərzində ölkə ədalətsizliklə üzləşib və Ermənistan tərəfindən hərbi işğala məruz qalıb: “44 günlük Qarabağ müharibəsi zamanı İsraillə əməkdaşlıq, müdafiə və xüsusilə istehsal sahəsində mühüm rol oynayıb”.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan-İsrail əlaqələri təkcə müdafiə deyil, daha geniş sahələri əhatə edir: "Buraya kənd təsərrüfatı, təhsil və bir çox sahələr daxildir. Biz həmçinin mütəmadi olaraq israilli dostlarımız və tərəfdaşlarımızla iki ölkənin xeyrinə yeni əməkdaşlıq sahələrini müəyyənləşdiririk", - o bildirib.