Yuxarı
    Bağlamaq

    Heydər Əliyevin xatirəsi Azərbaycanın Gürcüstandakı səfirliyində anılıb

    Tədbirdə gürcü kinematoqrafçılarının ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Dostluğa çağırış” sənədli filmi nümayiş etdirilib

    Tbilisi. 12 dekabr. REPORT.AZ/ Dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfirliyinin Heydər Əliyev zalında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirilib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar, jurnallar və bröşürlərlə, eləcə də fotolarla tanış olublar.

    Səfir Azər Hüseyn çıxış edərək Heydər Əliyev şəxsiyyətinin miqyasını və nadirliyini, Azərbaycanın inkişafına verdiyi böyük töhfəni, dünya miqyasında ulu öndərin nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib. O bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin parçalanmasının qarşısını aldı və xalqımızın birliyini dünyaya nümayiş etdirdi.

    Diplomat ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını diqqətə çatdırıb.

    Tədbirdə çıxış edən Gürcüstan parlamentinin Diaspora və Qafqaz məsələləri komitəsinin sədri Zviad Kvaçantiradze Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və Gürcüstan iqtisadi inkişaf yoluna qədəm qoydu, Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq bərqərar oldu. Bölgənin təhlükəsizliyinin yeni sistemi yarandı: "Məhz onun gərgin əməyi nəticəsində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi".

    Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev regionda həyata keçirilən irimiqyaslı layihələrin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

    Sonra tarixçi alim Quram Marxuliya, Sadaxlı kənd 2 saylı məktəbin direktoru Adil Şərifov və başqaları çıxış edərək ulu öndərlə bağlı fikirlərini bölüşüblər.

    Tədbirdə gürcü kinematoqrafçılarının ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Dostluğa çağırış” (“Zavet drujbı”) sənədli filmi nümayiş etdirilib.

    Anım mərasimində Gürcüstanın dövlət və hökumət üzvləri, ölkə parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, “SOCAR-Georgia”, Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan, “Paşa Bank”, AZPROMO şirkətlərinin, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi