"Bir il bundan əvvəl başlayan müharibə 44 gündən sonra qələbə ilə yekunlaşdı. Bu yolda çox əziyyətlər oldu. Azərbaycan xalqı 30 illik suallara nəhayət cavab verdi".
"Report"un xəbərinə görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu müharibənin uğurunda ideoloji fədakarlıq göstərilir: "Ulu öndər Heydər Əliyev hər dəfə ABŞ-a gələndə əlində həmişə qovluqla konqresdə və digər konfranslarda başa salmağa çalışırdı ki, Qarabağ haradadır və problemlərin səbəbi nədir. Hər dəfə qarşılaşdığı suallara təəccüb edirdi. Təbii ki, bu, çox əziyyət verən məqamlar idi. Hamımız bu prosesdən keçmişdik. Qələbənin bizə verdiyi imkanlardan istifadə etməliyik".
H.Paşayev səfər zamanı dəhşətli mənzərəni gördüyünü deyib: "Gərək daim sülhün üzərində çalışaq. Çünki bu qələbə asan formada əldə edilməyib. Gənc nəsil keçmiş tarixi yaxşı bilmədiyinə başımıza belə bəlalar gəlmişdi. Təəssüf ki, Qarabağa sovet dövründə o qədər də diqqət yetirilməyib. Lakin bu gün başqa zaman və şəraitdir. Gələcəkdə tələbələrin, məzunların rolu həqiqətlərin dünya ictimaiyyətinə dəqiqliyi ilə çatdırılması olacaq".