"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Bakıda Tədqiqat Mərkəzinin yaradılması bütün ECO ailəsi üçün əlamətdar hadisədir".
“Report” xəbər verir ki, bunu ECO-nun baş katibi Hadi Süleymanpur İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında bildirib.
“Mən mərhum Prezident, zati-aliləri Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə ECO ailəsi üçün böyük bir nailiyyətdir".
H.Süleymanpur həmçinin tədbir iştirakçılarını Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad etməyə çağırıb.