Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Azərbaycan Respublikası və xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.
“Report”un yerli bürosu xəbər verir ki, nazirin təbrik sözlərinin yer aldığı video Gürcüstanın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində yerləşdirilib.
Nazirin sözlərinə görə, 1918-ci il mayın 28-i Azərbaycan xalqı rifah və inkişaf yolunu seçdi: “1918-ci ildə birinci Azərbaycan Cümhuriyyətinin qurulduğunun elan olunduğu Tbilisidən Azərbaycanı müstəqilliyi münasibətilə təbrik etməyimiz rəmzi bir hadisədir”.
XİN başçısı qeyd edib ki, bu tarixi hadisəyə həsr olunmuş xatirə lövhəsi Tbilisidə, Azərbaycanın müstəqilliyinin elan olunduğu və Azərbaycanın İstiqlal Bəyannaməsinin imzalandığı Gənclər Sarayında yer alır.
Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu qeyd edən D.Zalkaliani Tbilisinin iki ölkə arasındakı səmərəli əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyib:
“Gürcü və Azərbaycan xalqları dövlətçiliyini bərpa etmək və möhkəmləndirmək üçün bir çox çətinliklərdən keçiblər və bu gün ölkələrimiz qürurla güclü və azad dövlətlər qurmağa davam edirlər. Bu müddət ərzində biz qarşılıqlı dəstək, inam və hörmət ruhuna əsaslanan xüsusilə yaxın bir tərəfdaşlıq əlaqələrini uğurla qurduq. Bu əməkdaşlıq yalnız ortaq geosiyasi və ya iqtisadi maraqlara deyil, eyni zamanda ümumi hədəflərə və baxışlara əsaslanır. Tərəfdaşlığımız geniş məsələlər və sahələri əhatə edən qarşılıqlı faydalı ikitərəfli və regional əməkdaşlığın nümunəvi modelidir”.
Nazir Gürcüstan və Azərbaycan arasında çoxəsrlik sıx əlaqələrin bundan sonra da sürətlə inkişaf edəcəyinə və bunun bölgədə sülh, təhlükəsizlik və sabitliyin zəmanətı olacağına qətiyyətli inamını ifadə edib.
XİN başçısı Azərbaycan xalqına sülh, firavanlıq və uğurlar arzulayıb.