Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi prosesi başa çatdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşlarının nəzarəti ilə vətəndaşların və soydaşların sərhədi növbəli şəkildə keçmələri təmin edilib.
Gürcüstandan Azərbaycana növbəti təxliyənin sentyabrın 8-də həyata keçirilməsi nəzərdə tutulub.
Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, təxliyə olunan şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısına toplaşır.
Onların 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır.
Onların ötən gün Tbilisidə koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Səfirlikdən təxliyə olunanlara 48 saat qüvvədə olacaq COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının Azərbaycana təxliyəsi təmin edilib.